Prokurorluq Kobuleti Munisipalitetində ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Kobuleti Munisipalitetində ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə, daha bir şəxsi qətlə yetirməyə cəhd, ailə üzvünün həyatına son qoymaqla təhdid etmə və döyüş sursatının qanunsuz şəkildə əldə edilməsi-saxlanılması faktları üzrə bir nəfər barəsində ittiham irəli sürüb. Bu haqda məlumatı Gürcüstan Prokurorluğu yayır.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, oktyabrın 8-də Kobuleti Munisipalitetində yaşayan şəxs ailə münaqişəsi zəminində atasını öldürməklə hədələyib, bundan sonra da təqsirləndirilən şəxs qonşuluqda yaşayan kişini keçmişdə aralarında mövcud narazılığa görə odlu silahdan atəş açmaqla qətlə yetirib. Təqsirləndirilən şəxs ikinci şəxsə də öldürmək niyəti ilə atəş açıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. Hadisə yerindən qətlin törədildiyi silah, təqsirləndirilən şəxsin evinə baxış nəticəsində isə avtomat odlu silahı üçün nəzərdə tutulan patronlar götürülüb.
Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin “L” yarımbəndi, 151-ci maddəsinin ikinci hissəsinin “D” yarımbəndi və 236-cı maddəsinin üçüncü hissəsi ilə ittiham irəli sürülüb, bu da cəza olaraq 16 ildən 20-ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək. İş üzrə Daxili İşlər Nazirliyində istintaq davam edir” – Prokurorluğun yaydığı məlumatda deyilir.