Prokurorluq qulluq mövqeyindən istifadə etməklə külli miqdarda vəsaitin mənimsənilməsi və qanunsuz gəlirin leqallaşdırılması faktları üzrə bir nəfəri saxlayıb
Prokurorluq qulluq mövqeyindən istifadə etməklə külli miqdarda vəsaitin mənimsənilməsi və qanunsuz gəlirin leqallaşdırılması faktları üzrə bir nəfəri saxlayıb

 

Gürcüstan Prokurorluğu qulluq mövqeyindən istifadə etməklə külli miqdarda vəsaitin qanunazidd şəkildə mənimsənilməsi və xüsusilə külli miqdarda gəlir əldə olunması ilə müşayiət olunan qanunsuz gəlirin leqallaşdırılması faktları üzrə bir nəfəri saxlayıb.

Gürcüstan Prokurorluğunun məlumatına əsasən, iş üzrə aparılan istintaqla müəyyən edilib ki, MMC “Isani Comfort” tikinti şirkəti Tbilisidə Moskva prospektində çoxfunksiyalı yaşayış kompleksi tikməli idi.

“Fəaliyyətin həyata keçirilməsi prosesində, şirkətin direktoru və 49.99% hissə sahibi olan təqsirləndirilən şəxs şirkətə məxsus vəsaitləri mənimsəmək məqsədilə müxtəlif şirkətlər yaradıb, bundan sonra da “Isani Comfort” yaşayış kompleksində yerləşən mənzillərin alınması üçün 73 vətəndaş tərəfindən şirkətə ödənilmiş ümumilikdə 3 596 254 larini şəxsi məqsədləri üçün özünün və yaratdığı şirkətlərin bank hesablarına köçürüb. Cinayət yolu ilə əldə edilən vəsaitə hüquqi forma vermək, onun əsl mahiyyətini və mənşəyini maskalamaq məqsədilə təqsirləndirilən şəxs yaratdığı şirkətlərin adına 160 000 ABŞ dollarına və 23 290 lariyə daşınmaz əmlaklar və 83 560 lari dəyərində maddi mal alıb.

Bundan başqa, təqsirləndirilən şəxs vətəndaşlara məxsus külli miqdarda vəsaiti qanunazidd şəkildə mənimsəmək məqsədilə, MMC “Isani Comfort” çoxfunksiyalı kompleksində əmlak almaqla maraqlanan vətəndaşlarla daşınmaz əmlak üzrə alqı-satqı müqavilələri bağlayıb və iki vətəndaşın ümumilikdə 119 273 larisini aldadaraq mənimsəyib, daha sonra isə bəhsi keçən daşınmaz əmlakları digər şəxslərə satıb.

Gürcüstan Prokurorluğunun əməkdaşları təqsirləndirilən şəxsi 2025-ci ilin dekabrın 2-də məhkəmənin qərarı əsasında saxlayıblar. Ona Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2-ci hissəsinin “d” və 3-cü hissəsinin “b” yarımbəndləri, 194-cü maddənin 3-cü hissəsinin “q” yarımbəndi (qanunsuz gəlirin leqallaşdırılması, xüsusilə külli miqdarda gəlirin əldə olunması ilə müşayiət olunub), 180-ci maddənin 3-cü hissəsinin “a” və “b” yarımbəndləri üzrə ittiham irəli sürüləcək, bu da 9-dan 12 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək” – Gürcüstan Prokurorluğunun yaydığı məlumatda deyilir.