Prokurorluq qəsdən adam öldürmə faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Mestia Munisipalitetində baş vermiş qəsdən adam öldürmə faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb.
“Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, oktyabrın 31-də Mestia Munisipalitetinin Para kəndində keçmişdə mövcud fikir ayrılıqlarına görə təqsirləndirilən şəxs avtomat silahdan atəş açmaqla zərərçəkmişə xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib. Aldığı xəsarətlər nəticəsində zərərçəkən yerindəcə dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi ertəsi gün saxlayıblar. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 236-cı maddəsinin 3 və 4-cü hissələri (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) ilə ittiham irəli sürülüb, bu da cəza ölçüsü və növü olaraq 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluğun vəsatəti əsasında Zuqdidi Rayon Məhkəməsi təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib” – prokurorluğun məlumatında qeyd olunub.