Prokurorluq əvvəlcədən əlbir olan qrup tərəfindən qulluq mövqeyindən istifadə etməklə Müdafiə Nazirliyinə məxsus külli miqdarda vəsaitin israf edilməsi və israf edilməsinə yardım faktı üzrə üç nəfərə qarşı ittiham irəli sürüb
Prokurorluq əvvəlcədən əlbir olan qrup tərəfindən qulluq mövqeyindən istifadə etməklə Müdafiə Nazirliyinə məxsus külli miqdarda vəsaitin israf edilməsi və israf edilməsinə yardım faktı üzrə üç nəfərə qarşı ittiham irəli sürüb

 

Gürcüstan Prokurorluğu əvvəlcədən əlbir olan qrup tərəfindən qulluq mövqeyindən istifadə etməklə Gürcüstan Müdafiə Nazirliyinə məxsus külli miqdarda vəsaitin israf edilməsi və israf edilməsinə yardım faktı üzrə üç nəfərə qarşı ittiham irəli sürüb.

“Dövlət Təhlükəsizliyi Xidmətinin Anti-korrupsiya Agentliyi tərəfindən aparılmış istintaq nəticəsində müəyyən edilib ki, 2023-cü ildə Gürcüstanın müdafiə nazirinin sabiq müavini və Gürcüstan Müdafiə Nazirliyinin Satınalma Departamentinin o vaxtkı rəhbəri, Gürcüstanın sabiq müdafiə nazirinin qohumunun köməyi ilə, Gürcüstan Müdafiə Nazirliyi tərəfindən hərbi hospital üçün maqnit-rezonans tomoqrafiya cihazının satın alınması prosesində məqsədli əməllərlə rəqabətsiz mühit yaradıblar, nəticədə qeyri-real sövdələşmələr bağlamaq yolu ilə cihazın real qiyməti artıb və 2 606 272 lari dəyərində olan maqnit-rezonans tomoqrafiya cihazı Gürcüstan Müdafiə Nazirliyinə 3 940 000 lariyə verilib. Cinayət əməlləri nəticəsində təqsirləndirilən şəxslər Gürcüstan Müdafiə Nazirliyinə məxsus 1 333 728 larini israf ediblər.

Əvvəlcədən əlbir olan qrup tərəfindən qulluq mövqeyindən istifadə etməklə Gürcüstan Müdafiə Nazirliyinə məxsus külli miqdarda vəsaitin israf edilməsi və israf edilməsinə yardım faktı ilə əlaqədar istintaq Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2-ci hissəsinin “a”, “d” yarımbəndləri və 3-cü hissəsinin “b” yarımbəndi ilə aparılır, bu da cəza növü və ölçüsü olaraq 7 ildən 11 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur” – prokurorluğun məlumatında deyilir.

Qurumun məlumatına əsasən, prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.