Prokurorluq dövlətə məxsus yarım milyon lariyə qədər vəsaitin mənimsənilməsi faktı üzrə “Gürcüstanın Həndbol Milli Federasiyası”nın sabiq prezidentini saxlayıb
Gürcüstanın Prokurorluğunun əməkdaşları qulluq mövqeyindən istifadə etməklə, külli miqdarda vəsaitin qanunazidd şəkildə mənimsənilməsi faktı üzrə qeyri-sahibkar hüquqi şəxs “Gürcüstanın Həndbol Milli Federasiyası”nın sabiq prezidentini saxlayıblar.
Prokurorluğun məlumatına əsasən, Gürcüstanın Baş Prokurorluğunun Korrupsiya Cinayətinə Qarşı Mübarizə Departamentində istintaq Dövlət Audit Xidmətinin hesabatı əsasında başlayıb.
“Aparılmış istintaqla müəyyən edilib ki, saxlanılan şəxs öz qulluq mövqeyindən istifadə edib və 2019–2021-ci illərdə nəzarətində olan federasiyaya məxsus biznes kartlarından istifadə etməklə bank hesablarından, müxtəlif bankomatlar vasitəsilə qeyri-sahibkar hüquqi şəxs “Gürcüstanın Həndbol Milli Federasiyası”na məxsus 464 496 larini çıxarıb və qanunazidd şəkildə mənimsəyib, bu isə külli miqdarda maddi ziyana səbəb olub.
Saxlanılan şəxsə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2-ci hissəsinin “d” və 3-cü hissəsinin “b” yarımbəndləri (külli miqdarda vəsaiti qanunazidd şəkildə mənimsəmə, qulluq mövqeyindən istifadə etməklə törədildikdə) ilə irəli sürülüb, bu isə cəzanın növ və ölçüsü olaraq 7 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək” – məlumatda qeyd olunub.