Prokurorluq - Dələduzluğa Qarşı Mübarizə İdarəsinin icraatında olan işlər üzrə vətəndaşların vəsaitlərinin mənimsənilməsi faktlarına görə dörd nəfər saxlanılıb, bir nəfər barəsində isə cinayət təqibi başladılıb
Prokurorluq - Dələduzluğa Qarşı Mübarizə İdarəsinin icraatında olan işlər üzrə vətəndaşların vəsaitlərinin mənimsənilməsi faktlarına görə dörd nəfər saxlanılıb, bir nəfər barəsində isə cinayət təqibi başladılıb

 

Gürcüstan Prokurorluğunun Dələduzluğa Qarşı Mübarizə İdarəsinin icraatında olan cinayət işləri üzrə vətəndaşlara məxsus, külli miqdarda vəsaitin dələduzluq yolu ilə mənimsənilməsi faktları üzrə dörd nəfər saxlanılıb, bir nəfər barəsində isə cinayət təqibi başladılıb. Bu barədə Gürcüstan Prokurorluğunda keçirilən brifinqdə bildiriblər.

Qurumun məlumatına əsasən, təqsirləndirilən şəxslərin əməlləri nəticəsində vətəndaşlara dəyən ziyan 3 milyon lariyə qədərdir.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, “Smile Travel Georgia” turizm şirkətinin nümayəndələri 2024–2025-ci illərdə xaricə səyahətin təşkili vədi ilə fiziki şəxslərdən kütləvi şəkildə külli miqdarda vəsait toplayıblar və 200-ə yaxın zərərçəkmişə məxsus, təxminən 1 milyon larini dələduzluqla elə mənimsəyiblər ki, götürdükləri öhdəliyi yerinə yetirməyiblər.

Bu cinayət işi üzrə istintaq təqsirləndirilən şəxslərin aldatdıqları digər insanların müəyyən edilməsi məqsədilə aktiv şəkildə davam edir, müvafiq olaraq zərərçəkmişlərin sayı və dələduzluq yolu ilə mənimsənilmiş vəsaitin həcmi ola bilsin artsın.

Həmçinin, Dələduzluğa Qarşı Mübarizə İdarəsi tərəfindən Daxili İşlər Nazirliyinin müvafiq bölməsi ilə birlikdə konkret hüquqi şəxsin 100% səhmi üzərində mülkiyyət hüququnun dələduzluq yolu ilə əldə edilməsi faktı aşkarlanıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs “Zekari Springs”in nümayəndələrinə maliyyə problemlərini həll edəcəyinə söz verib, bunun müqabilində isə səhmlərin verilməsini tələb edib. Etimad qazanmaq üçün təqsirləndirilən şəxs öz növbəsində başqa bir zərərçəkmişdən dələduzluqla əldə edilmiş külli miqdarda pulla şirkətin bank borcunu qismən ödəyib və tərəfdaşlardan 100 %-lik səhmin verilməsini tələb edib.

Bu üsulla təqsirləndirilən şəxs şirkətin 100%-lik səhmini ailə üzvünün adına rəsmiləşdirib, özü isə müəssisənin kredit öhdəliklərini ödəməyib və təşkilatın 100%-lik səhmini də dələduzluqla ələ keçirib. Nəticədə, hüquqi şəxsin sahiblərinə 1 500 000 laridən artıq, başqa bir zərərçəkmiş şəxsə isə 163 000 lariyə qədər əmlak ziyanı dəyib.

Həmçinin, Dələduzluğa Qarşı Mübarizə İdarəsi tərəfindən daha bir cinayət işi üzrə istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər külli miqdarda vəsaiti aldatma yolu ilə ələ keçirmək məqsədilə zərərçəkmişin adına “tikinti işlərinin aparılması barədə” saxta müqavilə rəsmiləşdiriblər. Razılaşmaya əsasən, zərərçəkmiş konkret işlər üçün ayrılmış 123 134 larini təqsirləndirilən şəxslərə verib. Təqsirləndirilən şəxslər formal olaraq öz üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyiblər və göstərilən külli miqdarda pulu mənimsəyiblər.

Qeyd olunan cinayət işləri üzrə saxlanılan şəxslərə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə irəli sürülüb, bu isə cəzanın növ və ölçüsü olaraq 9 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxslər barsində həbs qətimkan tədbiri seçib.

İctimaiyyətə məlum olduğu kimi, Tbilisi Prokurorluğunda dələduzluqla bağlı cinayət işlərinə prosessual rəhbərlik edən idarə yaradılıb.

Qeyd olunan bölmə Tbilisi Polis Departamentinin Dələduzluğa Qarşı Mübarizə İdarəsinin prosessual rəhbərliyini və müvafiq cinayət işləri üzrə dövlət ittihamının dəstəklənməsini həyata keçirir” – Gürcüstan Prokurorluğunda bildiriblər.

İstintaq orqanında bildirirlər ki, dələduzluqla bağlı işlərin effektiv istintaqının təmin edilməsi Gürcüstan Prokurorluğunun əsas prioritetlərindən biridir və zərərçəkmişlərin qanuni maraqlarını qorumaq üçün bu kateqoriyalı cinayətlərə qarşı sərt cinayət siyasəti həyata keçiriləcək.