Prokurorluq Cavcavadze prospektində törədilən qətl faktı ilə əlaqədar saxlanılan şəxsə qarşı 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutan ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Tbilisidə ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə faktı ilə əlaqədar saxlanılan Qela Udzilauriyə qarşı ittiham irəli sürüb. Martın 14-də Cavcavadze prospektində baş verən qətldən söz gedir.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2025-ci ilin martın 14-də saat 23:30-da Tbilisidə İlia Cavcavadze prospektində insanların sıx olduğu yerdə odlu silahdan L.C. və Q.Ç.-yə bir neçə dəfə atəş açıb. Atışma zamanı yaxınlıqdakı digər vətəndaşların həyat və sağlamlığına da təhlükə yaranıb. Aldığı çoxsaylı xəsarətlər nəticəsində L. C. hadisə yerində dünyasını dəyişib, Q. Ç.-ni odlu silahdan aldığı xəsarətlər ilə xəstəxanaya aparıblar.
Cinayəti törətdikdən sonra təqsirləndirilən şəxs hadisə yerindən qaçıb gizlənib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi martın 17-də saxlayıblar. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 19.109-cu maddəsinin “b” və “l” yarımbəndləri və 236-cı maddənin üçüncü və dördüncü hissələri (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) ilə ittiham irəli sürülüb, bu da cəza növü və ölçüsü olaraq 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək” – prokurorluğun məlumatında qeyd olunub.
Qurumdan verilən məlumata əsasən, cinayət işi üzrə Daxili İşlər Nazirliyində istintaq davam edir.