Prezident Mixeil Kavelaşvili Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə üzrə komanda yarışının ilk yarış günündə iştirak edib
Prezident Mixeil Kavelaşvili Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə üzrə komanda yarışının ilk yarış günündə iştirak edib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili həyat yoldaşı Tamar Baqrationi və onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə üzrə komanda yarışının ilk yarış günündə iştirak edib və Gürcüstanı təmsil edən idmançılara azarkeşlik edib.

Komanda turnirinin ilk günündə Luka Berulava və Anastasiya Metelkina, Diana Devis və Qleb Smolkin cütlükləri, eləcə də Anastasiya Qubanova çıxış ediblər.

Fiqurlu konkisürmə üzrə komanda yarışları zamanı Gürcüstan Prezidenti Polşa Prezidenti Karol Navrotski, FİFA-nın prezidenti Canni İnfantino və Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşüb.

İşgüzar səfər çərçivəsində Gürcüstan Prezidenti Milanın “San-Siro” Olimpiya stadionunda keçiriləcək açılış mərasimində iştirak edəcək. Açılış mərasimində Gürcüstanın bayraqdarları fiqurlu konkisürənlər Luka Berulava və Diana Devis olacaqlar.

Milan–Kortina XXV Qış Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.

Olimpiya Oyunlarında Gürcüstan iki idman növü üzrə – fiqurlu konkisürmə və dağ xizəkçiliyi üzrə – ümumilikdə səkkiz idmançı ilə təmsil olunur.

Gürcüstan nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Maka Boçorişvili, idman naziri Şalva Qoqoladze və Milli Olimpiya Komitəsinin prezidenti Leri Xabelovi daxildir.

Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.