Prezident baş nazirin və parlament sədrinin birgə təqdimatı əsasında kişilərdən ibarət həndbol milli komandasının üzvlərini “Şərəf” ordenləri ilə mükafatlandırıb
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili baş nazir İrakli Kobaxidzenin və parlamentin sədri Şalva Papuaşvilinin birgə təqdimatı əsasında kişilərdən ibarət həndbol milli komandasının üzvlərini, məşqçiləri, personalı və Milli Həndbol Federasiyasının rəhbər şəxslərini “Şərəf” ordenləri və “Şərəf” medalları ilə mükafatlandırıb.
Hökumət başçısı kişilərdən ibarət həndbol milli komandasının üzvlərini, məşqçiləri və Milli Həndbol Federasiyasının nümayəndələrini dövlət mükafatları almaları münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
“Nail olduğunuz uğura görə bizim tərəfimizdən sizə ancaq təşəkkür edilə bilər. Avropa çempionatına vəsiqə qazanmağı 30 il boyunca gözləyirdik və bu böyük uğuru məhz sizin nəsil əldə edib, bu da gürcü həndboluna daha da böyük uğurlar gətirməli olan yeni inkişaf mərhələsinin yalnız başlanğıcıdır. Gürcü həndbolunun çox qədim ənənələri var və əlbəttə, həndbolumuzun gələcək uğuru bu ənənələrə əsaslanmalıdır” – İrakli Kobaxidze bildirib.
Baş nazir əldə edilən uğurlara görə həndbolçulara, federasiyanın prezidenti Vaxtanq Meiparianiyə, baş məşqçi Tite Kalandadzeyə, eləcə də federasiyanın hər bir əməkdaşına təşəkkür edib və hökumətin idman sahəsində planlarından danışıb.
“İdman infrastrukturunun inkişafına imkan yaratmaq əsas prioritetlərimizdən və vəzifələrimizdən biridir. İdmanın uğurları ilə birlikdə, xüsusən də uşaqlar arasında idmana maraq artır, bu da məni çox sevindirir, lakin hələlik infrastrukturumuz, təəssüf ki, bu artan tələbatı qarşılaya bilmir. Biz artıq iki milyardlıq layihəni elan etmişik, bu layihə çərçivəsində də yüksək performanslı idman, eləcə də kütləvi idman üçün nəzərdə tutulan tamamilə yeni infrastruktur yaradılacaq. Bu layihə çərçivəsində həndbolun inkişafına xüsusi diqqət yönəldiləcək” – İrakli Kobaxidze bildirib.
Mükafatlandırma mərasimi Atoneli Prezident sarayında keçirilib.