Portuqaliyada növbədənkənar parlament seçkiləri keçirilir
Portuqaliyada növbədənkənar parlament seçkiləri keçirilir

Portuqaliyada növbədənkənar parlament seçkiləri keçirilir. Səsyvermə məntəqələri yerli vaxtla səhər saat 08:00-da açılıb və axşam saat 19:00-da bağlanacaq.

“Reuters”in məlumatına görə, exit-poll nəticələrinin saat 20:00-da açıqlanması planlaşdırılır.

Qeyd edək ki, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunmasına baş nazir Luiş Monteneqrunun ailəsinin varlanması ilə bağlı qalmaqal səbəb olub. Söhbət baş nazirin ailəsinə məxsus olan məsləhətçi şirkətdən gedir. Bu şirkət özəl firmalarla müqavilələr bağlamışdı və müxalifətin fikrincə, bu Monteneqrunun ailəsinin varlanmasına yol açdı.

Baş nazir özü maraqlar toqquşmasını inkar edir. O, ailəsinin biznesinin araşdırılması üçün parlament komissiyasının yaradılmasına qarşı çıxaraq, özünə qarşı etimadsızlıq votumu irəli sürdü.

Portuqaliyada seçici fəallığı adətən aşağı olur və bəzi politoloqlar bu il iştirak səviyyəsinin daha da aşağı düşəcəyindən narahatdırlar.