Polşanın müdafiə naziri – Polşada yaşayan hərbi çağırış yaşındakı bütün ukraynalılar Ukrayna Silahlı Qüvvələrinin sıralarını doldurmaq üçün vətənlərinə qayıtmalıdırlar
Polşada yaşayan hərbi çağırış yaşındakı bütün ukraynalılar vətənlərinə qayıtmalıdırlar – bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamiş mətbuat konfransında deyib.
“Polşada yaşayan hərbi çağırış yaşındakı ukraynalılar Ukrayna Silahlı Qüvvələrinin sıralarını doldurmaq üçün Ukraynaya qayıtmalıdırlar” – Vladislav Kosiniak-Kamiş bildirib.
Kosiniak-Kamiş həmçinin, onun sözlərinə əsasən “bahalı avtomobillərdə gəzən” qaçqınları da Ukraynaya qayıtmağa çağırıb.
Məlumat üçün bildirək ki, bundan əvvəl Polşanın “Rzeczpospolita” nəşri Polşanın Daxili İşlər Nazirliyinin vətəndaşlıq haqqında qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi üzərində işi bitirmək üzrə olduğunu yazmışdı. Nəşrin məlumatına əsasən, dəyişikliklər ən çox Ukrayna vətəndaşlarına təsir edəcək, çünki Polşa vətəndaşlığı almaq istəyənlərin ən böyük qrupunu məhz onlar təşkil edirlər.
Layihə dörd əsas dəyişikliyə əsaslanır. Birinci dəyişiklik Polşada tələb olunan yaşayış müddətinin səkkiz ilə qədər artırılmasını nəzərdə tutur, hərçənd müvəqqəti qorunma statusu ilə ölkədə qalma müddətinin bu müddətə daxil edilib-edilməyəcəyi hələlik məlum deyil.
Bundan başqa, Danimarka modelinə əsaslanan və Polşa dilini B2 səviyyəsində bilməyi tələb edən naturalizasiya testi tətbiq olunacaq.
Prosedurun sonunda xarici ölkə vətəndaşı həmçinin “Sədaqət bəyannaməsi” imzalamalı olacaq. Layihə müəlliflərinin izah etdiyi kimi, bu mexanizm Polşanın maraqlarına qarşı fəaliyyət göstərə biləcək şəxslərə qarşı təsir vasitəsi kimi istifadə ediləcək.