Polşada prezident seçkiləri keçirilir
Polşada prezident seçkiləri keçirilir

 

Polşada prezident seçkiləri keçirilir. Səsləmə məntəqələri yerli vaxtla səhər saat 07:00-da açılıb və saat 21:00-da bağlanacaq.

Polşada səsvermə hüququna təxminən 29 milyon seçici malikdir. Polşa vətəndaşları 13 qeydiyyatdan keçmiş namizəd arasından seçim etməli olacaqlar.

Sorğulara əsasən, seçicilərin daha çox dəstəyi hakim partiyanın namizədi, Varşava meri Rafal Tşaskovskiyə və həmçinin sağçı-mühafizəkar “Hüquq və Ədalət” partiyasının dəstəklədiyi Karol Navrotskiyə yönəlib.

Son sorğulara görə, Tşaskovski təxminən 30% səs toplayır, Navrotski isə təxminən 25%. Sorğularda üçüncü yeri anti-ukrayna mövqeyi ilə tanınan “Konfederasiya” partiyasının namizədi Slavomir Mentsen tutur. Əgər heç bir namizəd 50%-dən çox səs toplaya bilməzsə, seçkilərin ikinci turu 1 iyun tarixində keçiriləcək.

Polşa mediasının yazdığına görə, seçkilər ərəfəsində Polşanın hakim partiyası “Vətəndaş Platforması”nın vebsaytına kiberhücum həyata keçirilib. Polşanın baş nazirinin müavini Kşiştof Qavkovski bildirib ki, ölkə Rusiyanın prezident seçkilərinə müdaxilə etməyə yönəlmiş görünməmiş cəhdləri ilə üz-üzədir.