Polşada məktəblərdə son iki gündə ikinci hücum baş verib, Leşçidul-Novinidə 15 yaşlı yeniyetmə qadını öldürüb
Polşanın Mazovia voyevodluğunun Leşçidul-Novini kəndindəki ibtidai məktəbdə 15 yaşlı yeniyetmə bıçaqla bir neçə nəfərə hücum edib. Hücum nəticəsində 37 yaşlı xadimə qadın həlak olub, daha iki nəfər yaralanıb.
Hadisə oktyabrın 8-də səhər saatlarında İkinci İoane Pavle adına ibtidai məktəbdə baş verib. Polis, hücumçunun həmin məktəbin keçmiş şagirdi olduğuna dair məlumat verir. O, məktəbə daxil olub və bir neçə nəfərə bıçaqla hücum edib. Yayılan məlumata əsasən hücumçunu zərərsizləşdirməyi bacaran məktəbin direktoru da yaralananlar arasında olub. 15 yaşlı yeniyetmə polis tərəfindən saxlanılıb.
Məlumat üçün bildirək ki, oktyabrın 7-də Polşanın Ostrolenka şəhərində məktəbdə bıçaqlı hücum nəticəsində doqquz nəfər yaralanıb. Polşa Prokurorluğundan bəyan ediblər ki, Ostrolenka məktəbində insanların yaralanmasında iştirakı ehtimal olunan gənc kişinin çantasında əldəqayırma partlayıcı qurğu olub.
Polşanın daxili işlər naziri Marçin Kervinski açıqlayıb ki, Ostrolenka məktəbindəki hücumla paralel olaraq, Serpts şəhərində polis əməliyyat keçirib və nəticədə daha bir ehtimal olunan hücumun qarşısı alınıb.
Polşa məktəblərində son günlərdə baş verən zorakılıq faktları ilə əlaqədar baş nazir Donald Tusk təcili iclas çağırıb. Görüşdə daxili işlər, təhsil və səhiyyə nazirləri, həmçinin xüsusi xidmət orqanlarının koordinatoru və polisin baş komendantı iştirak edəcəklər.