Polşa hökuməti məktəblərdə smartfonlardan istifadənin məhdudlaşdırılmasını da nəzərdə tutan qaydaları qəbul edib
Polşa hökuməti məktəblərdə smartfonlardan istifadənin məhdudlaşdırılmasını da nəzərdə tutan qaydaları qəbul edib

 

Polşa hökuməti uşaqları onlayn məkanda qoruyacaq yeni tənzimləmələri, o cümlədən məktəblərdə smartfonlardan istifadənin məhdudlaşdırılmasını qəbul edib. Polşanın rəqəmsal məsələlər nazirinin sözlərinə əsasən, tənzimləmələr yetkinlik yaşına çatmayanları pornoqrafik məzmunlu kontentlərdən və zərərli şəxslərdən qoruyacaq. Həmçinin yeni qaydalar qeyri-qanuni məzmunun onlayn məkandan sürətlə silinməsini nəzərdə tutur.

Qərarlardan biri tədris prosesi zamanı şagirdlərin smartfonlardan istifadəsi ilə bağlıdır. Təhsil naziri Barbara Novatska izah edir ki, növbəti tədris ilindən etibarən dövlət və ya özəl məktəblər bütün dərs günü ərzində – həm dərslərdə, həm də tənəffüslərdə – smartfon, planşet və bu kimi cihazların istifadəsini qadağan etmək hüququna malik olacaqlar.

Sağlamlıq və təhlükəsizlik halları, eləcə də müəllimin tədris prosesi zamanı smartfonları işə saldığı hallar kimi istisnalar nəzərdə tutulub.

“Biz ekran asılılığına və fasiləsiz bildirişlərə deyil, dərslərə diqqət yetirilməsinə və həmyaşıdlar ilə ünsiyyətə kömək etmək istəyirik” – rəqəmsal məsələlər naziri bildirib.