“Politico” – Yeni il gecəsi Brüsseldə iğtişaşlar zamanı naməlum şəxslər azı 60 avtomobili yandırıblar, yanğınsöndürənlərə isə “Molotov kokteyli” atıblar
Yeni il gecəsi Brüsseldə iğtişaşlar zamanı naməlum şəxslər onlarla avtomobili yandırıblar, yanğınsöndürənlərə isə “Molotov kokteyli” atıblar. Məlumatı “Politico” yayır.
Rəsmi məlumata əsasən, polis Belçikanın paytaxtında 159 nəfəri saxlayıb. Bununla yanaşı, eyni dövrdə şəhər miqyasında 1700-dən çox insident qeydə alınıb.
Yanğınsöndürmə xidməti azı 60 avtomobilin yanması haqda məlumat verir. Yanğını söndürməyə çalışan yanğınsöndürənlərə daş və “Molotov kokteyli” ilə hücum edirdilər, bu səbəbdən bir sıra hallarda onlar geri çəkilməyə məcbur olublar.
“Həqiqətən çılğınlıq idi. Biz kömək etmək üçün orada idik və “Molotov kokteyli ilə hücum edirdilər” – Brüssel yanğınsöndürmə xidmətinin nümayəndəsi Valter Deriu “Politico”ya deyib.
Bununla yanaşı, Antverpen şəhərində də iğtişaşlar yaşanıb. Yerli polis 49 nəfəri saxlayıb. Medianın məlumatına əsasən, bu, yeni il gecəsi Belçikada oxşar iğtişaşların yaşanmasının ilk halı deyil. 2023-cü ildə paytaxtda 200-dən çox, 2022-ci ildə isə 160 nəfəri saxlayıblar.
“Təəssüf ki, bu, adi hadisəyə çevrilib” – yanğınsöndürmə xidmətinin nümayəndəsi Valter Deriu qeyd edib.
Medianın yazdığı kimi, bu il polis cinayətin qarşısının alınması üçün bir sıra tədbirlər həyata keçirmişdi. Anderlextdə yaşı 16-dək olan insanlar üçün komendant saatı tətbiq edilmişdi, polis qrupları səfərbər edilmişdi, lakin insidentlər yenə də baş verdi.