Politico yazır ki, Kaja Kallasın Çinlə bağlı ticarət praktikalarını “xərçəngə” bənzətdiyi açıqlama Avropa Komissiyası daxilində bəzi əməkdaşlar tərəfindən tənqid olunub
Politico yazır ki, Avropa Komissiyası ilə Kaja Kallas arasında münasibətlər Kallasın Çinlə bağlı açıqlamalarından sonra gərginləşib.
Komissiyanın baş sözçüsü Paula Pinho bildirib ki, “bu, Avropa Komissiyasının mövqeyi deyil”.
Politico-nun Playbook məlumatına görə, Brüsseldə Kallasın istifadə etdiyi ifadələr narazılıq yaradıb. Adının açıqlanmasını istəməyən bir rəsmi şəxs diplomatik üslubla bağlı narahatlığını ifadə edərək deyib ki, “diplomatlar belə danışmır: mesajlar verilir, amma ölkələr xəstəliyə bənzədilmir”.
Eyni mənbəyə görə, Kallasın açıqlamalarına görə Avropa İttifaqının beş üzv dövlətinin hökuməti də Brüsseldə narazılıq bildirib.
Kallas bu sözləri bazar günü Estoniyada keçirilən konfransda səsləndirib. O bildirib ki, Avropanın Çinlə bağlı “diaqnozu” aydındır, lakin “müalicə” hələ tapılmayıb. O, həmçinin Avropa iqtisadiyyatını qorumaq üçün mümkün “kimyaterapiya” kimi ağrılı iqtisadi tədbirlərə işarə edib.
Politiconun məlumatına görə, Kallasın ümumi yanaşması Aİ-nin mövcud siyasəti ilə üst-üstə düşsə də, bəzi üzv dövlətlər belə terminologiyanın Pekinin reaksiyasını sərtləşdirə biləcəyini düşünür.