“Politico” – Ursula fon der Laien Roma Papasının dəfn mərasimi zamanı Donald Trampla görüşmək istəyini ifadə edib
Avropa Komissiyasının prezidenti Ursula fon der Laien aprelin 26-da Roma Papası Fransiskin dəfn mərasimi zamanı ABŞ Prezidenti Donald Trampla görüşmək istəyini ifadə edib. Məlumatı “Politico” yayır.
Avropa Komissiyasının mətbuat katibinin qeyd etdiyi kimi, Ursula fon der Laien pontifikin dəfn mərasiminə dünyanın hər yerindən toplaşacaq dünya liderləri ilə danışmaq üçün hər fürsətdən istifadə edəcək.
Qeyd edilməlidir ki, Donald Tramp ikinci müddətə Ağ Evə qayıtdıqdan sonra Avropa Komissiyasının prezidenti onunla rəsmi olaraq görüşməyib.
Məlumat üçün bildirək ki, dəfn mərasimi şənbə günü səhər yerli vaxtla saat 10:00-da başlayacaq.
Roma Papası Fransisk aprelin 21-də 88 yaşında dünyasını dəyişib. Vatikan Roma Papasının ölümünün rəsmi səbəbi kimi insultu göstərib. Fransisk bir əsrdən artıq müddətdə Vatikandan kənarda, Santa Maria Macore Bazilikasında dəfn ediləcək ilk Papa olacaq. Dəfn mərasimi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.