"Politico" – Ukrayna və Moldova Avropa İttifaqına üzvlüklə bağlı rəsmi danışıqlara iyunda başlayacaqlar
Ukrayna və Moldova Avropa İttifaqına üzvlüklə bağlı rəsmi danışıqlara iyunda başlayacaqlar – “Politico” bu başlıq altında məqalə dərc edib.
Nəşrin məlumatına əsasən, Macarıstan Ukraynanın Avropa İttifaqına üzv olmaq cəhdlərinə qarşı uzun müddətdir nümayiş etdirdiyi müqaviməti dayandıracağına dair işarə verib, bu da ona və Moldovaya yaxın günlərdə bloka üzvlüklə bağlı rəsmi danışıqlara başlamaq imkanı verəcək.
Üç diplomatın sözlərinə əsasən, üzvlük yolunda rəsmi addım sayılan ilk danışıqlar klasterinin açılması iyulun 15-də Lüksemburqda keçirilməsi planlaşdırılan hökumətlərarası konfransda nəzərdə tutulub.
Kiyev və Kişinyov Avropa İttifaqına üzvlük üçün eyni vaxtda müraciət ediblər, bu isə o deməkdir ki, Moldovanın müraciətinin irəliləməsi yalnız Ukraynanın da müraciətinin təsdiqlənəcəyi təqdirdə mümkün olacaq.
Budapeşt, sabiq baş nazir Viktor Orbanın dövründə Ukraynanın üzvlüyünə kəskin şəkildə qarşı çıxırdı, lakin ölkənin yeni rəhbərliyi, Ukraynada yaşayan macarların hüquqları məsələsinə dair ukraynalı və macarıstanlı ekspertlər arasında bazar ertəsi baş tutan görüşdən sonra vetonun qaldırılmasına hazır olduğunu qeyri-rəsmi şəkildə ifadə edib. Avropa İttifaqı səfirləri bu həftənin sonunadək – Ukrayna daxili islahatlar, eləcə də azlıqların məsələsinin həlli planlarını təqdim etdikdən sonra Ukrayna və Moldova üçün ilk klasterin açılmasına dair yekun mövqelərini müəyyənləşdirəcəklər. Klasterlərin açılması üçün Avropa İttifaqının bütün 27 üzv ölkəsinin yekdil razılığı tələb olunur. İstənilən ölkə prosesi istənilən mərhələdə bloklamaq hüququna malikdir.