“Politico” – Tramp administrasiyasının nümayəndələri Ukrayna müxalifətinin üzvləri ilə prezident seçkilərinin mümkünlüyü ilə bağlı gizli danışıqlar aparıblar
Tramp administrasiyasının nümayəndələri Ukrayna müxalifətinin üzvləri ilə gizli danışıqlar aparıblar – bu haqda məlumatı “Politico” yayır. Nəşrin məlumatına əsasən, ABŞ Prezidentinin komandasının dörd üzvü Ukrayna müxalifətinin lideri Yuliya Timoşenko və sabiq prezident Petro Poroşenkonun komandasının üzvləri ilə görüşüb.
“Politico” ukraynalı deputatlara və ABŞ-nin xarici siyasəti üzrə respublikaçı ekspertə istinadən yazır ki, tərəflər Ukraynada sürətlə prezident seçkilərinin keçirilməsinin mümkün olub-olmamasını müzakirə ediblər.
“Politico”ya əsasən, Timoşenko və Poroşenko, eləcə də Kiyevin meri Vitali Kliçko döyüşlər bitənə qədər seçkilərin keçirilməsinə açıq şəkildə qarşı çıxırdılar.
ABŞ-nin Prezidenti Donald Tramp daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin “seçkilər olmadan diktator” olduğunu bildirib.