“Politico” – Tramp administrasiyası iyirmidən çox müttəfiq ölkə ilə birlikdə təhlükəsiz 6G şəbəkəsinin inkişafını sürətləndirmək məqsədilə qlobal tərəfdaşlığa başlayacaq
Donald Tramp administrasiyası 20-dən çox müttəfiq ölkə ilə birlikdə təhlükəsiz 6G şəbəkəsinin inkişafını sürətləndirmək məqsədilə qlobal tərəfdaşlığa başlayacaq. Bu barədə rəsmi şəxslər “Politico” nəşrinə bildiriblər.
Təşəbbüsdə Birləşmiş Krallıq, Almaniya və Yaponiya kimi ölkələr iştirak edir. Məqsəd bu texnologiyanın 2030-cu illərdə mərhələli şəkildə 5G şəbəkələrini əvəz etməyə başlayacağı vaxtadək hökumətlərin 6G strategiyalarını əlaqələndirməkdir.
Təşəbbüs iştirakçı ölkələrin hökumətləri arasında təmas mexanizmlərinin yaradılmasını, texniki resursların bölüşdürülməsini və 6G texnologiyasının kommersiya məqsədli tətbiqi üçün zəmin hazırlanmasını nəzərdə tutur.
“Politico”nun məlumatına əsasən, təşəbbüsün məqsədi Çinin və “Huawei” ilə “ZTE” kimi şirkətlərin qlobal təsirini azaltmaqdır. Rəsmi şəxslərin qiymətləndirməsinə əsasən, müttəfiq ölkələrlə daha sıx əməkdaşlıq gələn il Şanxayda keçiriləcək və ölkələrin naqilsiz şəbəkələrin gələcəyi üçün mühüm qərarlar qəbul edəcəyi Ümumdünya Radiorabitə Konfransınadək beynəlxalq texniki standartların formalaşdırılması üçün həlledici əhəmiyyət kəsb edir.
“Bugünkü təşəbbüs 6G-nin 5G-dən mahiyyətcə fərqli olacağını və ABŞ ilə onun müttəfiqlərinin liderliyini gücləndirmək üçün tamamilə fərqli yanaşmanın tələb olunduğunu etiraf edir” — təşəbbüsə rəhbərlik edən qurumun, Telekommunikasiya və İnformasiya üzrə Milli Administrasiyanın rəhbəri Ariel Rotun bəyanatında deyilir.
6G tərəfdaşlığının təsisçi iştirakçılarının siyahısındadır: Albaniya, Avstraliya, Kanada, Kosta-Rika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Honduras, İtaliya, Yaponiya, Latviya, Litva, Norveç, Panama, Paraqvay, Filippin, Cənubi Koreya, Rumıniya, İsveç və Böyük Britaniya.
Məlumat üçün bildirək ki, 6G naqilsiz əlaqənin növbəti nəslidir və 5G-dən dəfələrlə yüksək sürətə malik olacaq. Onun tətbiqi 2030-cu illərdən gözlənilir.