"Politico" - Macarıstan və Rusiya münasibətlərin dərinləşdirilməsi üçün 12 maddəlik plan üzərində razılığa gəliblər
"Politico" - Macarıstan və Rusiya münasibətlərin dərinləşdirilməsi üçün 12 maddəlik plan üzərində razılığa gəliblər

 

Macarıstan və Rusiya münasibətlərin dərinləşdirilməsi üçün 12 maddəlik plan üzərində razılığa gəliblər – bu haqda “Politico” yazır. Nəşrin yazdığı kimi, onların əldə etdiyi sənədlər Macarıstan və Rusiyanın ötən ilin dekabr ayında iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan 12 maddəlik plan üzərində razılığa gəldiyini təsdiqləyir.

Razılaşmanın mətni Macarıstanın xarici işlər naziri Piter Siiarto və Rusiyanın səhiyyə naziri Mixail Muraşko tərəfindən dekabrın 9-da Moskvada imzalanıb.

Plana neft, qaz və nüvə yanacağı sahəsi də daxil olmaqla enerji sektorunda tərəfdaşlıq, ikitərəfli ticarətin artımına kömək etmək və Avropa İttifaqının sanksiyaları nəticəsində yaranan mənfi tendensiyaların aradan qaldırılması, səhiyyə, kənd təsərrüfatı, tikinti, təhsil və mədəniyyət kimi sahələrdə əməkdaşlıq daxildir.

Razılaşma Macarıstanın təhsil sistemini gücləndirmək üçün rus müəllimlərin dəvət edilməsini və akademik proqramların mübadiləsini nəzərdə tutur.

Bununla yanaşı, birgə idman, mədəni və təhsil layihələrinə dəstək gözlənilir.

Sənəd onu da vurğulayır ki, münasibətlərin dərinləşdirilməsi Macarıstanın Avropa İttifaqının üzvü nəticəsində götürdüyü öhdəlikləri ilə “uyğunsuz olmamalıdır”.