“Politico” – İspaniya hökuməti xarici ölkələrdəki səfirliklərinə və konsulluqlarına surroqat analar tərəfindən doğulmuş uşaqları qeydiyyata almağı qadağan edib
İspaniya hökuməti xarici ölkələrdəki səfirliklərinə və konsulluqlarına surroqat analar tərəfindən doğulmuş uşaqları qeydiyyata almağı qadağan edib. Tənzimləmə mayın 1-dən qüvvəyə minəcək və cari qeydiyyat proseslərini ləğv edəcək.
Bu barədə məlumatı “Politico” nəşri yayır.
Nəşr qeyd edir ki, Avropa İttifaqının bəzi ölkələrində surroqat analıq qadağan edilib, lakin vətəndaşlar xarici ölkələrdə surroqat anaları götürməklə və uşaqları xaricdə qeydiyyatdan keçirməklə bu qadağadan yan keçirlər.
İspaniyada 2006-cı ildən surroqat analıq qadağan edilib. Lakin, illər boyunca ispan cütlüklər surroqat analıq yolu ilə doğulan uşaqları digər ölkələrdə uğurla qeydiyyata alırdılar. Ötən ilin dekabrında İspaniya Ali Məhkəməsi bu prosedurun qanunsuz olduğuna qərar verdikdən sonra vəziyyət dəyişib.
Qeyd edilməlidir ki, ötən il İtaliya hökuməti surroqat analıq yolu ilə uşaq dünyaya gətirmək məqsədilə xaricə səyahəti cinayət olaraq tanıyıb.