"Politico" - Avropa İttifaqı ölkələrinin səfirləri Ukrayna üçün 90 milyard avro həcmində kreditlə bağlı razılığa gələ bilməyiblər
"Politico" - Avropa İttifaqı ölkələrinin səfirləri Ukrayna üçün 90 milyard avro həcmində kreditlə bağlı razılığa gələ bilməyiblər

 

Avropa İttifaqının səfirləri Kiyev üçün 90 milyard avro həcmində kreditlə bağlı razılığa gələ bilməyiblər – bu haqda “Politico” dörd diplomata istinadən yazır.

Nəşrin qeyd etdiyi kimi, danışıqlar Kiyev üçün həlledicidir, çünki digər halda Ukrayna apreldə maliyyə yardımı olmadan qalacaq. Ölkənin isə bu pula administrasiyanın fəaliyyəti, eləcə də Rusiya ilə mübarizəni davam etdirmək üçün ehtiyacı var.

“Politico”nun mənbələrinin məlumatına əsasən, səfirlər arasında əsas fikir ayrılığı Avropa İttifaqının üzvü olmayan ölkələrin şirkətlərinin kreditlə maliyyələşdirilən satınalma müqavilələrinə çıxışının necə olacağı ilə bağlıdır.

Onların məlumatına əsasən, görüşün məqsədi həm də Britaniya şirkətlərinə kreditlərin verilməsində iştirak etmək hüququ vermək idi. Fransanın üçüncü ölkələrin iştirakına qarşı çıxanların başında dayanmasına baxmayaraq, Paris Böyük Britaniyanın kreditin verilməsində iştirak etməsini istədiyini bildirib.

“Fransa heç vaxt Böyük Britaniyanın Ukrayna üçün kreditdə iştirak etməsinə qarşı olmayıb. Yeganə sözümüz odur ki, üçüncü ölkələr də maliyyə töhfəsi verməlidirlər, əks halda onlar Avropa İttifaqına üzv ölkələrin özlərindən daha yaxşı vəziyyətdə olacaqlar ki, bu da ədalətsizdir” – fransız diplomat “Politico”ya deyib.