“Politico” – Almaniyanın hakim koalisiyası dağılıb, büdcəni təsdiqləmək üçün Olaf Şolts çoxluğa malik olmayacaq, bu da növbədənkənar seçkilər ehtimalını artırır
Olaf Şoltsun maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad etməsindən sonra Almaniyanın hakim koalisiyası dağılıb. Bu haqda “Politico” yazır.
Şolts iqtisadi islahatlarla bağlı fikir ayrılıqlarına görə naziri vəzifəsindən azad edib və nazirin dəfələrlə qanunları qeyri-müvafiq şəkildə blokladığını qeyd edib. Həmçinin, Şolts Lindnerdən Ukraynaya əlavə yardım göstərmək üçün büdcə qaydalarını yumşaltmağı xahiş etdiyini, lakin Lindnerin imtina etdiyini və oxşar addımın onun vəzifə andını pozacağını dediyini söyləyib.
Öz növbəsində Lindner Şoltsun Almaniyanın iqtisadi zəifliyi ilə bağlı şərhini tənqid edib.
“Olaf Şolts, uzun müddətdir ölkəmizdə yeni iqtisadi oyanışın zəruriliyini dərk edə bilmədi” – sabiq nazir dedi.
Məlum olduğu kimi, liberal iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Kristian Lindnerin Azad Demokrat Partiyasının təklifinə koalisiyanın digər iki üzvü – Olaf Şoltsun Sosial Demokrat Partiyası və Yaşıllar qarşı çıxdıqdan sonra fikir ayrılığı başlayıb.
“Politico”nun məlumatına əsasən, Olaf Şolts idarəçiliyi davam etdirə bilər, lakin büdcəni təsdiqləmək üçün çoxluğa malik olmayacaq, bu da növbədənkənar seçkilər ehtimalını artırır. Növbədənkənar seçkilər isə ola bilsin mart ayında keçirilsin.