“Politico” – Almaniya avtomobil istehsalçısı BMW 2027-ci ilin sonunadək 8000-ə yaxın iş yerini azaltmağı planlaşdırır
Almaniya avtomobil istehsalçısı BMW 2027-ci ilin sonunadək 8000-ə yaxın iş yerini azaltmağı planlaşdırır. Bu barədə şirkətin nümayəndəsi “Politico” nəşrinə bildirib.
Nəşr, azalmanın könüllü kompensasiya proqramı çərçivəsində həyata keçiriləcəyini yazır. Əməkdaşlar təklifləri cari ilin oktyabr ayından etibarən alacaqlar. Proqram əsasən Almaniyada işlə təmin olunan inzibati, eləcə də tədqiqat və inkişaf (R&D) sahəsinin əməkdaşlarına şamil olunacaq.
BMW son dövrlərdə iş yerlərinin azaldılmasını elan edən avtomobil istehsalçısı şirkətləri sırasındadır və buna səbəb kimi Çindəki aşağı satış göstəricilərini göstərib. Bundan əvvəl “Volkswagen” təxminən 100 000 əməkdaşını ixtisar etməyi və bir neçə zavodunu bağlamağı planlaşdırdığını bəyan etmişdi. “Porsche” 5000 iş yerini ləğv etmək niyyətindədir, “Mercedes-Benz Group” isə öz ştatını azaltmaq imkanlarını nəzərdən keçirir.