Polisin tələbinə itaətsizliyə görə məhkəmə İrakli Tsulaia və İrakli Diasamidzeyə cərimə kəsib
Polisin tələbinə itaətsizliyə görə məhkəmə İrakli Tsulaia və İrakli Diasamidzeyə cərimə kəsib

 

Tbilisinin Şəhər Məhkəməsinin hakimi Daxili İşlər Nazirliyinin vəsatətini təmin etdi və “Holon” ​​platformasının təsisçisi, jurnalist İrakli Tsulaiaya 3000 lari məbləğində inzibati cərimə kəsdi.

İrakli Tsulaia Rustaveli prospektini tərk etməklə bağlı Daxili İşlər Nazirliyinin tələbinə itaətsizlikdə ittiham olunurdu.

İrakli Tsulaia bildirib ki, noyabrın 29-da gecə aksiyaya yeni gedibmiş və çağırışı eşitməyib. O, özünü günahkar hesab etmir və əksinə, xüsusi təyinatlılar tərəfindən ona edilmiş hücumun təfərrüatlarından danışır.

Tsulaia heç bir təhlükə yaratmadığını deyib, “qardaşı ilə birlikdə dinc şəkildə aksiyada olub, bu zaman ona və onun qardaşına bir neçə xüsusi təyinatlı hücum edib və döyüb”. Tsulaianın üz nahiyəsində fiziki xəsarətlər qeydə alınır.

O deyib ki, hakim Zviad Tsekvavaya onun döyülməsini əks etdirən videogörüntüləri təqdim ediblər, lakin “o, nə videogörüntülər, nə də xəsarətlərlə maraqlanıb. Hakim qərar qəbul edərkən Daxili İşlər Nazirliyinin təqdim etdiyi kadrlara, həmçinin polis əməkdaşlarının ziddiyyətli ifadələrinə əsaslanıb, kadrlarda ümumiyyətlə görünmürdüm”.

Tsulaianın vəkili Qiorqi Tabatadze hakim Zviad Tsekvavanın qərarından yuxarı instansiyaya şikayət edəcəklərini bildirib.

Hakim İrakli Tsulaia ilə birlikdə daha bir şəxsin, ictimai fəal İrakli Diasamidzenin inzibati işinə baxdı və ona 4500 lari məbləğində inzibati cərimə kəsdi.

İrakli Diasamidze itaətsizlikdən əlavə, xırda xuliqanlıqda da ittiham olunur. Diasamidzenin üz nahiyəsində də fiziki xəsarətlərin izi var. O deyib ki, noyabrın 29-da gecə hüquq-mühafizə orqanlarının əməkdaşları ona qarşı zorakılıq törədiblər, qrup halında hücum ediblər və təhlükə yaratmadığı halda onu döyüblər.

Hər iki şəxs polislər barəsində istintaq başladılması tələbi ilə Xüsusi İstintaq Xidmətinə müraciət ediblər.

Həmçinin, bu gün məhkəmədə başqa şəxslərin inzibati işlərinə baxılması planlaşdırılır.