Polisə hücum ittihamı ilə saxlanılan Qiorqi Mindadze 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib
Tbilisi Şəhər Məhkəməsi polisə hücum ittihamı ilə saxlanılan Qiorqi Mindadzeni 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Qərarı hakim Nino Qalustaşvili qəbul edib.
Mindadze məhkəmə iclasında yekun nitqlə çıxış etdi və zalda olanları hökmü sakit və dinc şəkildə qarşılamağa çağırdı. Bununla yanaşı, “Lelo” partiyasını özünüidarəetmə seçkilərində iştirak etməməyə və saxlanılan nümayişçilərin fikrini nəzərə almağa çağırdı.
Bu gün müdafiə tərəfi son sözünü deyib və bildirib ki, konkret şəxsin fişəng atdığı videoda Mindadzeni tanımaq olmur, xüsusi təyinatlı dəstənin üzvü isə qalxanın arxasından Mindadzeni tanıya bilməzdi. Vəkilin sözlərinə görə, onun zədələndiyi vaxtı ekspertiza dəqiq müəyyən edə bilmir, bu səbəbdən Mindadze barəsində bəraət hökmü çıxarılmalı idi.
Prokuror Roin Xintibidze, Mindadzenin bir neçə dəfə fişəng atdığını, hüquq-mühafizə orqanının əməkdaşının isə onu tanıdığını deyib. Prokuror bildirib ki, ekspertiza tərəfindən zərərçəkənin xəsarət aldığı vaxt olaraq Mindadzenin fişəng atdığı vaxt göstərilib.
Mindadzenin məhkəmə prosesi başlamazdan əvvəl məhkəmənin dəhlizində səs-küy müşahidə olunurdu. Mindadzenin məhkəməsində iştirak etmək istəyənlərlə mandatur xidmətinin əməkdaşları arasında qarşıdurma baş verdi. Mandatur xidmətinin əməkdaşları dəhlizin girişini bağladılar və məhkəmə zalının kiçik olması səbəbindən prosesə yalnız 20 nəfəri buraxdılar.
Qiorqi Mindadzeni dekabrın 1-də saxlayıblar. Prokurorluq onu noyabrın 29-da polisə pirotexnika atmaqda ittiham edir. Mindadzeyə qarşı Cinayət Məcəlləsinin 353-cü prima maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürüblər, bu isə polisə hücumu nəzərdə tutur.