Polisə qarşı qrup halında zorakılıq ittihamı ilə Çoxatauri Şəhər Şurasının sədri Davit Şaraşidzeni saxlayıblar, Daxili İşlər Nazirliyi daha iki nəfərin gizlənməsi haqda məlumat verir
Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları polisə qarşı törədilmiş qrup halında zorakılıq ittihamı ilə Çoxatauri Şəhər Şurasının sədri Davit Şaraşidzeni saxlayıblar – bu haqda DİN tərəfindən yayılmış məlumatda deyilir.
Onların məlumatında, daha iki nəfərin gizləndiyi və onların saxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin fəal şəkildə aparıldığı deyilir.
“İstintaqla müəyyən edilib ki, cari ilin yanvarın 27-də Ozurqetidə yerləşən restoranlardan birində qarşılıqlı mübahisə zəminində Çoxatauri Şəhər Şurasının sədri və onunla birlikdə olan iki vətəndaş həmin vaxt xidməti vəzifəsini yerinə yetirməyən polisə qarşı qrup halında zorakılıq törədiblər. Belə ki, onlar hüquq-mühafizə orqanının əməkdaşını döyüblər, nəticədə polis üz nahiyəsi və bədənin müxtəlif hissələrindən xəsarətlər alıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qrup halında zorakılıqda iştirak edən Çoxatauri Şəhər Şurasının sədri Davit Şaraşidzeni hadisədən qısa müddət sonra saxlayıblar, iki nəfər isə gizlənir – onların yerinin müəyyən edilməsi və saxlanılması məqsədilə əməliyyat-axtarış tədbirləri fəal şəkildə aparılır” – DİN-də bildirirlər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci hissəsinin prima maddəsinin “b” yarımbəndi ilə aparılır.
“İstintaq başa çatana qədər hadisədə iştirak edən, zərərçəkmiş polis tutduğu vəzifəsindən azad edilib və DİN-in kadrlar sərəncamına verilib” – DİN-də qeyd edirlər.