Polis Tbilisinin Vera rayonunda baş vermiş qətl və yaralama faktı ilə bağlı bir nəfəri saxlayıb

10:12, 23.07.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları iki və ya daha çox şəxsə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adamöldürməyə cəhd ittihamı ilə bir nəfəri hadisədən dərhal sonra saxlayıblar.

Nazirliyin məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs bu il iyulun 22-də Tbilisidə odlu silahdan atəş açaraq dörd nəfəri yaralayıb və hadisə yerindən qaçıb. Yaralananlar arasında iki azyaşlı da olub.

Dörd yaralı tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb. Lakin azyaşlılardan biri aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirildikdən qısa müddət sonra vəfat edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları operativ-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi hadisədən az sonra saxlayıblar.

Məlumata əsasən, saxlanılarkən təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərib. Saxlanılma zamanı onun əl barmaqları zədələnib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar