Polis Tbilisidə yarım kiloqramdan çox “kokain” müsadirə edib, bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsi və Detektivlər Baş İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmək və saxlamaqda təqsirləndirilən bir şəxsi saxlayıblar.
DİN-in məlumatına görə, hüquq-mühafizə orqanlarının cinayət işi üzrə keçirdiyi əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsin yaşadığı evin yaxınlığındakı gizli yerdən maddi sübut qismində xüsusilə külli miqdarda – yarım kiloqramdan çox “kokain” narkotik vasitəsi götürülüb.
Polis həmin şəxsi təqsirləndirilən şəxs qismində saxlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə araşdırma aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.