Polis Tbilisidə və regionlarda qanunsuz odlu silah və döyüş sursatı aşkar edərək müsadirə edib, 14 nəfər saxlanılıb
Tbilisi Polis Departamenti, Mərkəzi Kriminal Polis Departamenti, Mtsxeta-Mtianeti, İmereti, Samtsxe-Cavaxeti, Sameqrelo-Zemo Svaneti və Acara polis idarələrinin əməkdaşları odlu silahların və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanması və satışı ittihamı ilə 14 nəfəri saxlayıb, daha 2 nəfəri isə ifşa ediblər.
İstintaq çərçivəsində təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərində, eləcə də köməkçi tikililərdə aparılan axtarışlar zamanı müxtəlif növ odlu silahlar, döyüş sursatı və partlayıcı qurğular maddi sübut kimi götürülüb.
Həmçinin Mərkəzi Kriminal Polis və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamenti əməkdaşları ölkəyə döyüş sursatı və partlayıcı maddələrin gətirilməsi cəhdinin qarşısını alıblar. Polis şübhəliləri Batumi Limanı və Sarpi sərhəd-keçid məntəqəsi ərazisində saxlayıb. Onların idarə etdiyi nəqliyyat vasitələrinin yoxlanışı zamanı 2 əl qumbarası, 2 kapsul-detonator və müxtəlif növ silahlar üçün nəzərdə tutulmuş təxminən 150 patron aşkar edilərək götürülüb.
Fakt üzrə Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə istintaq aparılır və bu maddə 9 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.