Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində narkotik cinayəti ittihamı ilə üç nəfəri saxlayıblar. Bu barədə məlumatı DİN yayıb.
“Müstəsna dərəcədə çox miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi və marixuananın qanunsuz əldə edilməsi, saxlanılması, satılması və satışına cəhd ittihamı ilə 1995-ci il təvəllüdlü G.S., əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan 1985-ci il təvəllüdlü V.K. və Nigeriya vətəndaşı, 1988-ci il təvəllüdlü M.A. saxlanılıblar.
Cinayət 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Polis məhkəmə qərarı əsasında narkotik vasitələrin nəzarətli alqısını həyata keçirib və bu alqı prosesinin gizli audio-video çəkilişini aparıb.
Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxslərin üzərinə, avtomobillərinə və yaşayış yerlərinə baxış keçirib, həmçinin istintaq eksperimenti zamanı onların göstərdiyi məkanlardan sübut kimi satış məqsədilə yerləşdirilmiş “qurudulmuş marixuana” və “metadon” aşkar edilərək götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı tertia, 19-260-cı tertia və 273-cü prima maddələri ilə aparılır,” – deyə DİN-in məlumatında bildirilir.