Polis Tbilisidə “Glovo” kuryerinin sağlamlığına qrup halında qəsdən az ağır xəsarət yetirmək ittihamı ilə daha iki nəfəri saxlayıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları qrup halında törədilən qəsdən az ağır xəsarət yetirmə ittihamı ilə iki yetkinlik yaşına çatmayan şəxsi saxlayıblar.
DİN-in məlumatına görə, istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər cari ilin 7 avqustunda Tbilisidə, Kazbeqi prospektində “Glovo” şirkətinin kuryerinə şifahi və fiziki təhqir və zorakılıq tətbiq edərək hadisə yerindən qaçıblar.
“Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində üç nəfər hadisədən ertəsi gün, daha iki təqsirləndirilən şəxs isə, hadisə yerindən qaçaraq gizləndikləri üçün 13 avqustda saxlanılıb.
İstintaq Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə aparılır. Həmin maddə 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə DİN-in məlumatında bildirilir.