“Polis Tbilisidə girov götürmə və quldurluq ittihamı ilə yeddi nəfəri saxlayıb”
“Polis Tbilisidə girov götürmə və quldurluq ittihamı ilə yeddi nəfəri saxlayıb”

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsi və Kvemo Kartli Polis Departamentinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində müxtəlif ağır cinayətlərdə təqsirləndirilən yeddi nəfər saxlanılıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Rusiya Federasiyası vətəndaşlarını aldadaraq, guya mənzildə qaz sızmasını yoxlamaq bəhanəsi ilə gecə saatlarında onların evinə daxil olublar. Onlar soyuq silah tətbiq etməklə və öldürmə hədəsi ilə zərərçəkənlərdən 2 000 ABŞ dolları məbləğində pul, həmçinin mobil telefonlar və noutbuk alıblar. Daha sonra zərərçəkənlərə fiziki zor tətbiq edərək əlavə olaraq 300 000 ABŞ dolları tələb edib, əks halda onları öldürəcəkləri ilə hədələyiblər.

Bir neçə saat sonra zərərçəkənlər silah hədəsi ilə müxtəlif avtomobillərə mindirilərək Marneuli bələdiyyəsi istiqamətində aparılıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində yeddi nəfərin hamısı Marneuli və Qoridə təqsirləndirilən şəxs qismində saxlanılıb.

Cinayətdə mümkün iştirak etmiş digər şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 144 və 179-cu maddələri ilə aparılır. Bu maddələr qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı, tamah məqsədilə, həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etməklə girov götürmə və külli miqdarda əmlakı ələ keçirmək məqsədilə mənzilə qanunsuz daxil olmaqla törədilən quldurluq cinayətlərini əhatə edir və 14 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Məlumatı Daxili İşlər Nazirliyi yayıb.