Polis Tbilisidə ağırlaşdırıcı hallarda törədilmiş iki nəfərin qəsdən öldürülməsi faktı üzrə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları intensiv rejimdə həyata keçirilmiş polis tədbirləri və istintaq hərəkətləri nəticəsində ağırlaşdırıcı hallarda iki nəfəri qəsdən öldürmə ittihamı ilə bir nəfəri saxlayıblar. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
“İstintaqla təqsirləndirilən şəxsin cari ilin noyabrın 11-də Tbilisidə iki nəfərə – ər-arvada yaşadıqları binada avtomat odlu silahdan atəş açmaqla çoxsaylı xəsarətlər yetirdiyi və bundan sonra da hadisə yerindən qaçaraq gizləndiyi müəyyən edilib.
Aldıqları xəsarətlər nəticəsində onların hər ikisi hadisə yerindəcə dünyasını dəyişib.
İstintaqla həmçinin cinayətdən əvvəl əmlak məsələləri ilə bağlı halların, xüsusilə də təqsirləndirilən şəxsin maliyyə öhdəliklərini yerinə yetirməməsi halının baş verdiyi müəyyən edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsi “isti izlər”lə saxlayıblar.
İki nəfərə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması faktları üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu və 236-cı maddələri ilə aparılır, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.