Polis Rustavidə qəsdən adam öldürməyə cəhd və zorakılıq faktı üzrə iki nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları “isti iz”lərlə keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, qəsdən adam öldürməyə cəhd və zorakılıq faktı üzrə keçmişdə mühakimə olunmuş iki nəfəri – 1977-ci il təvəllüdlü Z.E. və 1991-ci il təvəllüdlü N.N.-ni saxlayıblar. Məlumatı DİN yayır.
Qurumun məlumatında cinayətin 15 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutduğu deyilir.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Rustavidə məişət zəminində baş vermiş qarşılıqlı mübahisə zamanı 1976-cı il təvəllüdlü T.K.-ya qarşı əvvəlcə fiziki zor tətbiq ediblər, bu zaman onlardan biri Z.E. ona soyuq silahla qarın və ayaq nahiyəsindən xəsarət yetirib, sonra isə hadisə yerindən qaçaraq gizləniblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Z.E. və N.N.-ni hadisədən qısa müddət sonra təqsirləndirilən şəxs qismində saxlayıblar. Yaralı müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya aparılıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108 və 126-cı maddələri ilə aparılır” – DİN-in məlumatında qeyd olunub.