Polis Quriyada Gürcüstanın dövlət sərhədinin qanunsuz şəkildə keçilməsi ittihamı ilə üç nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Quriya Polis Departamentinin Lançxuti Rayon Bölməsinin əməkdaşları Gürcüstanın dövlət sərhədinin qrup halında qanunsuz şəkildə keçilməsi ittihamı ilə üç nəfəri saxlayıblar. Daxili İşlər Nazirliyi məlumatı yayır.
“İstintaqla Türkiyə Respublikasının vətəndaşları 1983-cü il təvəllüdlü S.İ., 2006-cı il təvəllüdlü K.K. və 1986-cı il təvəllüdlü S.K.-nın sərhəd keçid məntəqəsindən yan keçməklə, Türkiyə Respublikasından Gürcüstan istiqamətində qrup halında, qanunsuz şəkildə Gürcüstanın dövlət sərhədini keçdikləri müəyyən edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsi ilə aparılır, bu isə beş ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.