Polis narkotik cinayətləri ilə bağlı iki nəfəri həbs etdi
14:25, 03.08.2025
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində narkotik cinayətləri ilə bağlı iki şəxsi saxlayıblar.
DİN-in məlumatına görə, böyük və xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması və saxlanılması, qanunsuz satışa yardım göstərilməsi və narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi faktlarına görə saxlanılan şəxslər 1986-cı il təvəllüdlü G.Q. və Rusiya Federasiyası vətəndaşı, 1962-ci il təvəllüdlü E.V.-dir.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslərin yaşayış evlərində və onlardan birinə məxsus anbar sahəsində aparılan axtarış zamanı sübut kimi müxtəlif növ narkotik vasitələr – o cümlədən “metadon”, “qurudulmuş marixuana”, “tetrahidrokannabinol” tərkibli maddə və “kannabis bitkisi” götürülüb.
Polis tərəfindən həmçinin narkotik vasitələrin əkilib-becərilməsi üçün lazım olan materiallar da sübut kimi müsadirə olunub.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260¹-ci və 265¹-ci maddələri ilə aparılır.
Cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.