Polis narkotik cinayəti ittihamı ilə Türkiyədə fəaliyyət göstərən "Barış Boyun" cinayətkar qrupunun üzvlərini saxlayıb
Daxili İşlər Nazirliyinin Acara Polis Departamenti və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları narkotik cinayəti ittihamı ilə Türkiyə Respublikasının iki vətəndaşını – 1999-cu il təvəllüdlü S.T. və 2001-ci il təvəllüdlü F.Q.-ni saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının üzə çıxardığı saxlanılan şəxslər Türkiyədə fəaliyyət göstərən “Barış Boyun” cinayətkar qrupunun üzvləridir.
“Onlar külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz şəkildə alınması və saxlanılmasında ittiham olunurlar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və müvəqqəti yaşayış evində axtarış zamanı, külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə tərkibli həbləri, o cümlədən “MDMA”, “marixuana”, “pregabalin” və “gabapentin”i ələ keçiriblər.
Cinayət 8 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur. İstintaq Cinayət Məcəlləsinin 260-cı və 261-ci maddələri ilə aparılır.
Türkiyədə fəaliyyət göstərən “Barış Boyun” cinayətkar qrupunun digər üzvlərinin müəyyən edilməsi-aşkarlanması məqsədi ilə iş üzrə əməliyyat və istintaq tədbirləri davam edir” – DİN-in yaydığı məlumatda deyilir.