Polis Mestiyada bıçaqlanma faktını açıb, bir nəfər saxlanılıb
Polis Mestiyada qəsdən sağlamlığa ağır zərər vurma və yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq ittihamı ilə bir nəfəri saxlayıb.
İstintaqla müəyyən edilib ki, cari il sentyabrın 5-də Mestia qəsəbəsində iki yetkinlik yaşına çatmayan şəxs arasında mübahisə baş verib. Münaqişəyə yetkinlik yaşına çatmayanlardan birinin atası da qoşulub və digər yetkinlik yaşına çatmayan şəxsə fiziki xəsarət yetirib.
Daha sonra insidentə bir neçə vətəndaş qoşulub. Bu zaman təqsirləndirilən şəxs soyuq silahdan istifadə edərək iki nəfəri yaralayıb. Fiziki qarşıdurma zamanı təqsirləndirilən şəxs də xəsarət alıb.
Onların hər üçü müvafiq tibbi yardım göstərilməsi məqsədilə klinikaya aparılıb.
Hüquq-mühafizə orqanlarının iş üzrə keçirdiyi əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətdə təqsirləndirilən şəxs tibb müəssisəsində saxlanılıb.
İstintaq Cinayət Məcəlləsinin 117-ci və 126-cı maddələri ilə aparılır. Bu maddələr 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.