Polis Marneulidə baş vermiş oğurluq faktlarını açdı, dörd azyaşlı saxlanılıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları əvvəlcədən razılaşmış qrup tərəfindən törədilmiş və böyük maddi ziyana səbəb olmuş oğurluq ittihamı ilə, əvvəllər müxtəlif cinayətlərdə fiqurant olmuş dörd azyaşlını – 2008-ci il təvəllüdlü A.A., 2006-cı il təvəllüdlü Ş.O., 2008-ci il təvəllüdlü M.A. və 2009-cu il təvəllüdlü N.N.-ni saxlayıblar.
DİN-in məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Marneuli şəhərində yerləşən sürətli ödəniş terminallarını oğurlayıblar və onlardan böyük məbləğdə pul götürüblər.
Hüquq-mühafizə orqanları təqsirləndirilənləri hadisədən bir neçə dəqiqə sonra, hadisə yerindən aralıda taksi ilə hərəkət edərkən saxlayıblar. Polis azyaşlıların üzərində və avtomobildə axtarış zamanı oğurlanmış pulu maddi sübut kimi götürüb, zədələnmiş terminalları isə yaxınlıqda aşkar edib.
İstintaq həmçinin müəyyən edib ki, təqsirləndirilənlər bu ilin noyabr ayında Marneulidə küçələrin birində yerləşən mağazanı da qarət ediblər və oradan məişət əşyaları oğurlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci və 3-cü hissələrinin “a” bəndləri ilə aparılır; bu isə 4 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.