Polis Gürcüstana narkotik maddənin gətirilməsi faktını açıb, 157 kiloqram “heroin” götürülüb, İran vətəndaşı saxlanılıb
Polis Gürcüstana narkotik maddənin gətirilməsi faktını açıb, 157 kiloqram “heroin” götürülüb, İran vətəndaşı saxlanılıb

 

Cari ilin dekabrın 30-da Daxili İşlər Nazirliyinin əməkdaşları Gürcüstana narkotik maddənin gətirilməsinin daha bir böyük faktını aşkarlayıb və qarşısını alıblar. Polis tərəfindən 157 kiloqram narkotik vasitə “heroin” götürülüb, onun bazar dəyəri qara bazarda təxminən 50 milyon lari təşkil edir – bu haqda Daxili İşlər Nazirliyində keçirilən brifinqdə nazir müavini Aleksandre Daraxvelidze deyib.

Daxili İşlər Nazirliyində bəyan etdikləri kimi, xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi-saxlanılması, eləcə də Gürcüstana qanunsuz gətirilməsi ittihamı ilə İran vətəndaşı saxlanılıb.

“İstintaq tərəfindən əldə edilən sübutlarla yük avtomobilinin Gürcüstana qonşu ölkədən “Qırmızı Körpü” gömrük-buraxılış məntəqəsindən keçməklə daxil olması müəyyən edilib. Hüquq-mühafizə orqanının nümayəndələri yük avtomobilinin qoşqusunun xüsusi saxlanc yerində xüsusilə külli miqdarda narkotik vasitəni aşkar ediblər. Onlar “mərmər plitələr”lə 157 kiloqram narkotik vasitə “heroin”i gətirməyə çalışırdılar. Qeyd olunan narkotik cinayətində iştirak edən digər şəxslərin müəyyən edilməsi və onların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə cinayət işi üzrə əməliyyat və istintaq hərəkətləri fəal şəkildə davam edir. Gürcüstana narkotik vasitə “heroin”in gətirilməsinin bu ən böyük faktı Mərkəzi Cinayət Polisi və Gəlirlər Xidmətinin gömrük departamentlərinin əməkdaşları tərəfindən birgə aşkar edilib, bunun üçün mən onlara xüsusi minnətdarlığımı bildirmək istəyirəm. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır, bu da 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur. Biz narkotik cinayətinə qarşı mübarizəni 24 saat boyunca, intensiv rejimdə davam etdiririk.

Narkotik satıcılarının aşkarlanmasına və onların qanunun bütün sərtliyi ilə cəzalandırılmasına böyük diqqət ayırırıq. Təkcə son yeddi ay ərzində Daxili İşlər Nazirliyi ölkəyə narkotik vasitənin gətirilməsinin onlarla faktının qarşısını alıb və bir neçə yüz kiloqram narkotik maddə götürüb. Narkotik cinayətlərinə görə isə ümumilikdə 5000-dən çox şəxs saxlanılıb və məsuliyyətə cəlb edilib, onların arasında 2000-ə qədəri narkotik satışında iştirak edən şəxsdir” – Daraxvelidze bildirib.