Polis Gürcüstan miqyasında külli miqdarda qanunsuz odlu silah və döyüş sursatı ələ keçirib
Hüquq-mühafizə orqanlarının əməkdaşları son bir həftə ərzində bütün Gürcüstan miqyasında 20-yə qədər qanunsuz odlu silah və döyüş sursatı ələ keçiriblər.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Patrul Polisi, Tbilisi Polisi, Quria, Kvemo və Şida Kartli polis departamentlərinin əməkdaşları odlu silah və döyüş sursatının qanunazidd şəkildə əldə edilməsi, saxlanması və daşınması ittihamı ilə 13 nəfəri saxlayıblar, onların bir hissəsi keçmişdə mühakimə olunub.
“Polislər saxlanılan şəxslərin üzərində, yaşayış evlərində, yardımçı tikililərdə və avtomobillərində axtarış zamanı maddi sübut kimi müxtəlif növ avtomatik odlu silah, tüfəng və döyüş sursatları ələ keçiriblər. Cinayət 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin birinci, üçüncü və dördüncü hissələri ilə aparılır. Daxili İşlər Nazirliyinin bütün müvafiq bölmələri bütün ölkə miqyasında təhlükəsiz mühitin maksimum təmin edilməsi məqsədilə 24 saat rejimində cinayətkarlığa qarşı barışmaz mübarizəni və profilaktik tədbirlərin həyata keçirilməsini davam etdirir” – DİN-in məlumatında deyilir.