Polis qəsdən sağlamlığa ağır zərər vurmaq ittihamı ilə bir şəxsi saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, 1995-ci il təvəllüdlü İ.T.-ni qəsdən sağlamlığa ağır xəsarət yetirmək ittihamı ilə saxlayıblar. Bu barədə məlumatı DİN yayıb. Qurumun bildirdiyinə görə, bu cinayətə görə yeddi ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“Aparılmış istintaqla müəyyən olunub ki, cari ilin 16 may tarixində, ittiham olunan şəxs Tbilisidə, Universitet küçəsində yerləşən Yeni İdman Sarayının yaxınlığında, 1998-ci il təvəllüdlü B.O.-ya fiziki zor tətbiq edib. Hadisə nəticəsində B.O. yerə yıxılıb və baş nahiyəsindən xəsarət alıb. Hadisədən sonra İ.T. ərazidən uzaqlaşıb, zərərçəkmiş isə xəstəxanaya yerləşdirilərək müalicə alır.
Polis əməkdaşları apardıqları istintaq hərəkətləri nəticəsində onu bir neçə saat ərzində saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin birinci hissəsi ilə aparılır ki, bu da sağlamlığa qəsdən ağır xəsarət yetirməni nəzərdə tutur,” – deyə DİN-in məlumatında qeyd olunur.