Pokada turizm infrastrukturunun inkişafı üçün tender elan olundu

16:28, 12.08.2026

 

Gürcüstanın İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu Ninotsminda Munisipalitetinin Poka kəndində, Müqəddəs Nino adına Qadın Monastırının ətraf ərazisində turizm infrastrukturunun inkişafı üçün tender elan edib.

Nazirliyin məlumatına əsasən, tender layihə sənədinin hazırlanmasını və daha sonra qeyd olunan sənəd əsasında yenidənqurma-bərpa işlərinin aparılmasını nəzərdə tutur.

“Layihə Paravani gölünün sahilindəki açıq vəftiz yerinin və ona aparan infrastrukturun bərpasını, Paravani çayının suqəbuledici qurğusunun və ətraf ərazinin abadlaşdırılmasını, mövcud körpünün yenidən qurulmasını, sanitariya qovşaqlarının yenilənməsini, həmçinin monastır ərazisində avtomobil yolunun və piyada cığırlarının salınması və bərpasını əhatə edir.

Layihə çərçivəsində mövcud avtodayanacaq qaydaya salınacaq, məbədin həyətinin və qala divarlarının zədələnmiş hissələri bərpa olunacaq, küçə işıqlandırma və elektrik təchizatı şəbəkəsi yenilənəcək. Həmçinin, çoxfunksiyalı təhsil mərkəzi tikiləcək, monastır ərazisindəki binalar və su təchizatı sistemi qaydaya salınacaq.

Pokanın Müqəddəs Nino adına məbədi milli əhəmiyyətə malik daşınmaz mədəni irs abidəsidir. Müvafiq olaraq, ziyarətçilər və zəvvarlar üçün nəzərdə tutulmuş infrastrukturun qurulması mədəni irsin mühafizə zonası üçün müəyyən edilmiş tələb və qaydalara riayət olunmaqla həyata keçiriləcək.

Layihənin icrası Pokada turizm infrastrukturunun inkişafına, ziyarətçilər və zəvvarlar üçün müvafiq şəraitin yaradılmasına və ərazinin tarixi-mədəni əhəmiyyətinin qorunub saxlanmasına kömək edəcək” – məlumatda qeyd olunub.

Oxşar