Piter Siiarto - Macarıstan diplomatik pasportları olan şəxslər üçün vizasız rejimin dayandırılması haqda qərarı yerinə yetirməyəcək, Gürcüstanın gələcəyi Gürcüstanda həll olunmalıdır
Macarıstan Gürcüstanın diplomatik pasportlarının sahibləri üçün vizasız rejimin dayandırılması haqqında Avropa İttifaqının qərarını yerinə yetirməyəcək – bu haqda Macarıstanın xarici işlər naziri Piter Siiarto deyib. Məlumatı “Infostart” yayır.
“Macarıstan Gürcüstanla xidməti və diplomatik pasportların viza tələbindən azad edilməsinə dair razılaşmasını dayandırmayacaq, çünki Macarıstan hökuməti hesab edir ki, Gürcüstanın gələcəyi Gürcüstanda həll olunmalıdır və gürcülər Brüsselin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq aydın qərar veriblər” – Siiarto bildirib.
Məlumat üçün bildirək ki, yanvarın 27-də Brüsseldə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə Gürcüstanın diplomatik pasportlarının sahibləri üçün vizasız rejimin dayandırılması haqda qərarı qəbul ediblər. Mövcud məlumata əsasən, Slovakiya və Macarıstan bu qərara qarşı çıxıblar, lakin qərar qəbul etmək üçün yalnız ixtisaslı səs çoxluğu kifayət olub.
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə Ali Nümayəndəsi Kaia Kalas yanvarın 27-də mətbuat konfransında bildirib ki, qərarı “indi Avropa İttifaqına üzv dövlətlər öz daxili qaydalarında tətbiq etməlidirlər”.
Məlumat üçün bildirək ki, Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi dünən bəyanat yaydı, bəyanata əsasən rəsmi şəxslər üçün vizasız gediş-gəlişin dayandırılması “Xarici təsirin şəffaflığı” və “Ailə dəyərlərinin qorunması haqqında” qanunların qəbulu, eləcə də zorakı repressiyalarla bağlıdır.