Pit Heqset - Uğura çatmaq üçün lazım olan qədər vaxt sərf edəcəyik, radikal islamçı iranlılar bunun onların sonu olduğunu bilirlər, ya da tezliklə biləcəklər, biz hələ yeni başlamışıq
Bu heç vaxt ədalətli mübarizə demək olmayıb, bu ədalətsiz mübarizədir, biz yıxılmışa zərbə vururuq və indiyədək də məhz belə olmalı idi – bu haqda ABŞ-nin müharibə katibi Pit Heqset Pentaqonda keçirilən brifinqdə deyib.
Onun sözlərinə əsasən, yaxın günlərdə və ya həftədə ən güclü iki hava qüvvəsi – ABŞ və İsrail hərbi hava qüvvələri İran səmasını tam nəzarətə götürəcək.
“Prezident Trampın dediyi kimi, uğura çatmaq üçün lazım olan qədər vaxt sərf edəcəyik. Cəmi dörd gün keçib və nəticələr artıq inanılmaz dərəcədə tarixidir. Əslində, buna yalnız Amerika Birləşmiş Ştatları komandanlıq edə bilər, lakin buna İsrailin Müdafiə Qüvvələrini, dağıdıcı imkanları əlavə etdikdə, bu kombinasiya radikal islamçı iranlı düşmənlərin tamamilə məhv edilməsi deməkdir.
Onların sonudur və bunu bilirlər, ya da tezliklə biləcəklər. Biz onların imkanlarını təqib etməyə, pozmağa, ruhdan salmağa, məhv etməyə və məğlub etməyə hələ yeni başlamışıq. Önümüzdəki günlərdə və ya həftədə ən güclü iki hərbi hava qüvvəsi İran səmasını tam nəzarətə götürəcək” – Heqset bildirib.
Müharibə katibinin izahatına əsasən, bu o deməkdir ki, onlar gecə-gündüz uçacaq, İranın müdafiə-sənaye bazalarını, İran liderlərini axtaracaq və onları məhv edəcəklər.
Müharibə katibi qeyd edir ki, onlar hələ indi başlayırlar və İran səmasına tam nəzarəti ələ keçirdikdən sonra 500, 1000 və 2000 funtluq bombalar atmağa başlayacaqlar. O, İranın liderlərinin məhv edildiyini bildirib. Yeni lider seçməli olan dırnaqarası hakim şuranın üzvləri isə ya öldürülüb, ya itkin düşüb, ya da bunkerlərdə gizlənirlər.
Heqset İranın aviasiyası və donanmasının məhv edildiyini bildirib.
“Dünən gecə onların qüruru olan “Soleimani” gəmisini batırdıq. Görünür, prezident onu iki dəfə öldürdü” – Heqset bildirib.
Həmçinin, Heqset qeyd edib ki, Amerika sualtı qayığı Hind okeanında üzən İran freqatını torpedo ilə vurub, bu da İkinci Dünya Müharibəsindən bəri sualtı qayığın torpedodan istifadəsinin ilk halı olub.