Pit Heqset - Sanksiyalar və Venesuela neftinin qeyri-qanuni idxalına qoyulan blokada dünyanın istənilən nöqtəsində tam gücü ilə tətbiq olunur
Pit Heqset - Sanksiyalar və Venesuela neftinin qeyri-qanuni idxalına qoyulan blokada dünyanın istənilən nöqtəsində tam gücü ilə tətbiq olunur

 

ABŞ-nin müharibə katibi Pit Heqset “Marinera” neft tankerinin saxlanılmasına münasibət bildirir və Venesuela neftinin qeyri-qanuni idxalına qoyulan blokadanın tam gücü ilə tətbiq olunduğunu bildirir.

“Sanksiyalar və Venesuela neftinin qeyri-qanuni idxalına qoyulan blokada dünyanın istənilən nöqtəsində tam gücü ilə tətbiq olunur” – o, sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, ABŞ Venesuela və Rusiya ilə əlaqəli neft tankerini saxlayıb. Əməliyyata ABŞ hərbçilərinin dəstəyi ilə Daxili Təhlükəsizlik Departamenti rəhbərlik edirdi.

Xarici medianın xəbər verdiyi kimi, ABŞ hüquq-mühafizə orqanlarının nümayəndələri hazırda gəmidədirlər. ABŞ tərəfindən “Marinera” neft tankerinin ələ keçirilməsi barədə məlumat yayılmazdan əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi gəminin beynəlxalq sularda olduğunu və beynəlxalq dəniz qanunlarına uyğun fəaliyyət göstərdiyini bildirib.

Həmçinin, nazirlik əvvəlcə “Bella 1” adı ilə tanınan gəminin Rusiya bayrağı altında üzdüyünü bəyan edib və ABŞ da daxil olmaqla Qərb ölkələrini onun naviqasiya azadlığı hüququna hörmət etməyə çağırıb.