Pit Heqset - Gələcək günlər həlledici olacaq, İran bunu bilir və demək olar ki, heç nə edə bilmir, prezident Tramp geri çəkilməyəcək, bu barədə Xameneidən soruşa bilərsiniz
ABŞ-nin müdafiə katibi Pit Heqset İran müharibəsinin növbəti bir neçə gününün həlledici olacağını bildirir. Onun sözlərinə əsasən, kəşfiyyat məlumatları göstərir ki, ABŞ və İsrailin zərbələri İran hərbçilərinin əhval-ruhiyyəsinə zərər vurur, bu da ölkədə genişmiqyaslı fərariliyə səbəb olur.
“Gələcək günlər həlledici olacaq. İran bunu bilir və hərbi cəhətdən demək olar ki, heç nə edə bilmir. Bizim getdikcə daha çox variantımız var, onların isə daha az. Biz şərtləri cəmi bir ay ərzində müəyyən etmişik, gələcək günlər həlledici olacaq” – Pit Heqset bildirib.
Pit Heqsetin sözlərinə əsasən, Tehran Vaşinqtonun təklif etdiyi şərtləri qəbul edərsə, ABŞ İranla razılaşma bağlamağa üstünlük verər.
“İran boğazın açılması ilə bağlı malik olduğu material və ambisiyalardan imtina etməyə hazır olsa, razılaşma əldə etməyi daha çox üstün tuturuq. Bu məqsəddir. Biz hərbi baxımdan lazım olandan artıq etmək istəmirik. ABŞ razılaşma əldə etməyə daha çox üstünlük verər, lakin buna qədər danışıqları bombalar vasitəsilə aparırıq” – ABŞ-nin müdafiə katibi Pit Heqset qeyd edib.
Həmçinin, Pit Heqset Donald Trampın geri çəkilmək niyyətində olmadığını bildirib və hazırkı İran rəhbərliyinə İranın mənəvi liderinin öldürülməsi hadisəsini xatırladıb.
“Əgər İran ağıllı davranarsa, onlar razılaşma əldə edəcəklər. Prezident Donald Tramp geri çəkilməyəcək, bunu Xameneidən soruşa bilərsiniz. İranın yeni rejimi bunu artıq bilməlidir, çünki rejim dəyişib, onlar əvvəlkindən daha ağıllı olmalıdırlar. Prezident Tramp razılaşma bağlayacaq, o hazırdır. Razılaşmanın şərtləri isə onlara məlumdur” – ABŞ-nin müdafiə katibi bildirib.