Pilotsuz uçan aparatlar ilə hücumdan sonra Leninqrad vilayətində yerləşən limanda “Novatek”in terminalı yanıb
Pilotsuz uçan aparatlar ilə hücumdan sonra Leninqrad vilayətində yerləşən limanda “Novatek” şirkətinin terminalı yanıb.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, yanğının səbəbi bölgənin hava məkanında vurulmuş dronların qalıqlarıdır. Onun bildirdiyinə görə, alov “Novatek” şirkətinin terminalını əhatə edib. Bu şirkət təbii qaz hasilatı ilə məşğuldur. İlkin məlumata əsasən, xəsarət alan yoxdur. Yanğın yanacaq anbarına yayılmayıb.
Eyni zamanda, Kursk Atom Elektrik Stansiyasının administrasiyasının mətbuat xidməti bildirib ki, ukraynalı dron stansiyanın yaxınlığında da vurulub. Onların məlumatına görə, nəticədə transformator zədələnib. Pilotsuz aparatın düşdüyü yerdə yanğın baş verib, lakin artıq söndürülüb.
Rusiya mediasının məlumatına görə, ukraynalı dronların hədəfi həmçinin Samara vilayətində yerləşən sənaye obyekti olub. Rus teleqram kanallarının yaydığı məlumata görə, söhbət Sızran neft emalı zavodundan gedir.
Avqustun 23-ü axşamı Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, 57 ukraynalı dron məhv edilib. Qurumun məlumatına görə, gecə ərzində əlavə olaraq 95 pilotsuz uçan aparat vurulub.
Dron hücumları fonunda Rusiyanın şəhərlərində hava limanlarının fəaliyyəti pozulub. Sankt-Peterburqun Pulkovo hava limanından 60-dan artıq reysin icrası təxirə salınıb.